|
sher chelengi
|
||
Neçe şeir
Nərmin kamal
Fərqimiz yoxdur
Uşaqlıqda hamımızın pis yaraları olub
yorğana dəyəndə qopub
oyanmışıq
Başımız yerdən on qarış aralıdı
bundan az olana acıyırıq
Hərəmiz ən azı bir adam sevmişik
Qəribə yuxular görmüşük
Quşlara baxıb köks ötürmüşük
İtkilərə göz yaşı tökmüşük
Söz vermişik etməmişik
Heç birimiz
Arktikaya getməmişik
Hamımız açar itirmişik
Ölməyəcəyimizi düşünmüşük
xeyri yoxdur
Səs verəcəyik
çarəmiz yenə yoxdur
imkan verəcəyik onlara ki
həyatımızı alt-üst etsinlər
Öləndə hamımızı şlanqla yuyacaqlar
Sözdü də deyirlər
çətin gündə həyat yoldaşlarımız
üzümüzə tüpürəcəklər
atacaqlar daşımızı
mələk kimi gəlmişdilər
götürüb gedəcəklər zibillərini
biz tək qalacağıq axırda
hamımızı qurd yeyəcək
doyacaq acıyıb bir də soracaq
Yüz ildən sonra isə
heç kimin tükü tərpənməyəcək
adın gələndə
O adı sənə
sevgiylə qoymuşdular
Belədi bu iyvermiş camışlar
*********************************************
Bakı
Ömür boyu çalışdıq
divar kağızları aldıq
yapışqanlar
rəngbərəng boyalar
Bakını ev etdik:
Sahillə Baksoveti qonaq otağı
Yasamalı yataq otağı
Əhmədli - uşaq otağı
Dərnəgül oldu mətbəximiz
Keşlə - anbarımız
bütün Abşeron bağları - həyətimiz
Xəzərin dibinə fayans döşədik
yanlarına kaşı vurduq
oldu hamam
Ulduzlar çırağımız
Qışacan damı da örtərik
örtməsək də dözə bilərik
Yollara xalça sərdik
Təbriz xalçası
Torpağa güzgü çəkdik -
buludları görmək üçün
həmişə olmur
üzüyuxarı gəzmək
Sevdik bir-birimizi
üç milyon adam nədir ki
Qumrulara baş çəkdik
öpdük onları yatmazdan az öncə
Səhərlər o qədər adam axışdı
duman içində İçərişəhərə
ki, mən bilmirdim,
dəhlizə bu qədər adam sığar
Dünyadan nə tapdıq
gətirdik üçotaqlı evimizə
Rəsimlər vurduq divarımıza
Qapı qoyduq Bakı buxtasına
dəmirdən ağappaq
zəngi
dinq danq
gözlüyü də var
Oturub söyüd dibində
alın tərimizi sildik
Xəzərdə çimdik
İndi süfrə açırıq, arkadaş
Qaç, Şuşa bazarına
Sahildən Baksovetəcən uzanacaq
süfrə al
Dərnəgüldə Bakı qadınları
aş dəmləyir
oxaaay
şamdan sonra
Azadlıq meydanında
mənə rəqs borcun var
*******************************************
Burulğan
Sitəm əriyir dondurmalarda
Hüznlə köklənir pianolar
re re re
Evlər damır yağış yağmayanda da
Qış sərt keçmir ‑ qarğalar qarıldayanda da
Xoşbəxt deyilik hər şey olanda da
Həyatın qanunları itirib qüvvəsini
Burulğana düşmüşük
elə bir burulğana
su da içə bilmirik
fincan düşür əlimizdən
Danışa bilmirik
kiminsə xətrinə dəyir sözümüz
Nəqliyyata minə bilmirik
kiminsə ayağının üstünə çıxır ayağımız
dava düşür
Bu mininci milyonuncu yeməyimiz
yeyə bilmirik onu qaydasınca
çəngəl bıçaq qalmır əlimizdə
nə qadın gəlir nə kişi qonağı
Həmişə şit zarafatlarımıza
qarşılıq verən dostlar
indi qaşqabaq sallayır adi sözümüzə
Nəşələnmək üçün yediyimiz dondurma belə
zəhərlənmə verir
ambulansa möhtac edir
Bəs biz necə yaşamışıq indiyə kimi?
Parka qalxırıq fikrimizi dağıtmağa
oturduğumuz skamya təzə rənglənmiş çıxır
sevimli əlbisəmiz bulaşır
Bəlkə hardasa nə isə ilişib
İşlər qarışıb bir-birinə
Həyat qarışıb
************************************************
Tüfəng
Tüfəng satıram, əla bir tüfəng
qısalüləlidi, ağzı nikelli
on dörd kalibrli
Onu çoxları istəyib məndən
verməmişəm
yaxşı mal yaxşı adam üçündü - demişəm,
sənin kimi bir müştəri gözləmişəm
Onunla kimi istəsəz…
Gözəgörünməzləri də qadirdi vurmağa mənim tüfəngim
məsələn, az buludlu bir gündə
Allahı öldürmək fikrinə düşsən
və səmaya tuşlasan mənim tüfəngimi
masmavi göylərə… çəksən tətiyi
bir dəqiqə keçməz ki
düz yanında yerə GUPP edib bir meyit düşər…
Gerisini həll etməksə sənə düşər
ya bir çala qazıyıb gömmək onu
ya bir şoran bataqlığa atmaq
gecənin bir aləmi
dəfnə ağacları əndişə qoparacaq qəsəbədə…
ya da heç gizlətməmək: bağırmaq ki, mən
bu gecə bu tüfənglə
Allahın özünü vurmuşam, güllələmişəm Allahı
Ürəyinin nə bilim hansı mədəciyindən dəlib keçib.
Hələ heç bir məcəllədə yoxdur
yazılmayıbsa da cəzası belə cinayətin
sənin azadlığın,
mənim tüfəngim
*********
Qadın ilk dəfə
Qadın ilk dəfə siqaret çəkəndə
kişilər kimi
Alır bir dostunun
masada qalmış qutusunu
siyirir bir dənəsini
qaçır bayıra
çəkilir kor bucağa
nə olacağını düşünmədən
hansı ucdan yandıracağını belə bilmədən
alışqanı filtirə vurur
Qadın ilk dəfə siqaret çəkəndə
belə olur
Sonra tütünlü ucu sınayır
çəyirtkə səsinin müşayiətilə
elə olmurmu, əzizim?
Siqareti iki barmaq arasında tutmaq
kişilər kimi,
xoş gəlmir ona
on barmağıyla qoyur
boyasız solğun dodağına
Burnuna, ağzına, beyninə
sümürəcəyini bilmədən
elmi sübutlara önəm vermədən
O an
acıyır boğazı
Acı - tanıdığı
istiot və soğandan
quru acı
tüstü kəsir nəfəsini
qəhvəyi göynərti,
məxməri və iti
Gözündən yaş axır
Siqareti yerə atır
Baxıb közərməsinə
yanğın çıxacağından
ölürcəsinə qorxular keçirir qadın
közü muncuqlu səndəliylə
tapdalayır
kişilərdən daha ekoloji
əzişdirir
toz edir
Kimsə bir siqaretə bunca ayaq
sərf etməzdi amma
Boğazını arıtlayır
arıtlayır
arıtlayır
yaylığını tapmaq üçün
çantasını axtarır
göynərti qaraya dönür
və qəhərə dönür
boğazdan içəri nəsə sürüşür
hələ də dərdin
belə ovunacağını düşünür,
kişilər kimi
Üstünə boğaz dərdi də gəlir
öləsən, yanasan səni,
ona dərd çəkdirən qüvvə
siqaretin etdiyini düşmən etməz
Qorxur danışmağa qadın
səsinin dəyişəcəyini gözləyir
Əlbəttə, bu olmayacaq
islahatlar
nümayişlər
partlayışlar istəyir,
Bunlar da olmayacaq
Saçı və nəfəsi üç gün tütün qoxuyur
qadın ilk dəfə siqaret çəkəndə
belə olur
Sonra biləcək
siqareti yan tutmaq
lazım olduğunu
və qoxunu
saqqızla gizlətmək yolunu
"Davidoff" adlı ağrıtmayan
qız siqareti olduğunu .
|
|